Haqqında

Tərcümeyi-hal

Mirzəyev Həsən İbrahim oğlu (Həsən Mirzə) 1927-ci il noyabr ayının 26-da Qərbi Azərbaycanda, Dərələyəzin Qovuşuq kəndində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi, 1950-ci ildə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1977-ci ildə Marksizm-Leninizm Universitetini fərqlənmə diplomları ilə bitirmiş, 1965-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq, 1968-ci ildə dosent, 1990-cı ildə isə professor diplomlarını almışdır. Dilçi-türkoloqdur. 21 ildir ki, «Müasir Azərbaycan dili» kafedrasına rəhbərlik edir. 21 noyabr 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, YAP-ın üç qurultayının üçündə də YAP siyasi şurasına üzv seçilmişdir. “91”-lərin ağsaqqallarından biridir. 1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə daxil olmuş, 1990-cı il 24 yanvarda, 20 yanvar qırğınından sonra bu partiyanın üzvü olmaqdan imtina etmişdir. 1948-ci ildən həmkarlar təşkilatının üzvü olub.

Böyüklü-kiçikli, müxtəlif səpkili (monoqrafiya, jurnal, qəzet məqalələri, tezis, tədris proqramı, şer və s.) 750-dən artıq yazının, o cümlədən 200-dən çox elmi əsərin müəllifidir. İndiyədək onun 25 kitabı, 8 tədris proqramı çap olunmuşdur (kitablardan ikisi şərikli, ikisi isə bədii əsərdir). 25 kitabdan on ikisi 15 cildlik külliyatına daxildir ki, bu 14 cildin ümumi həcmi 750 (yeddi yüz əlli) çap vərəqindən artıqdır. 3 kitabı da  çap olunmaq ərəfəsindədir. Müxtəlif səpkidə yazılmış 60 əsərin elmi redaktoru, 15-nin rəyçisi, 5-nin məsləhətçisi olmuşdur. 14 elmlər namizədi və elmlər doktorunun opponenti olmuş, xeyli elmlər doktoru və elmlər namizədi yetişdirmişdir. Rəhbərlik etdiyi «Müasir Azərbaycan dili» kafedrasında 21 il müddətində 8 nəfər filologiya elmləri doktoru yetişmişdir. İndi onun rəhbərliyi altında iki aspirant və bir dissertant dissertasiya müdafiə etmək ərəfəsindədir. O, indiyədək 24 magistrin (magistr dissertasiyasının), 85 diplomçunun (diplom işinin, buraxılış işinin) elmi rəhbəri olmuşdur.

Azərbaycan filologiyasının inkişafında prof. Həsən Mirzəyevin xidmətləri böyükdür. O, mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etmişdir. Prof. Həsən Mirzəyev Azərbaycan dilçiliyində fel bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feli sifət, felin təsir kateqoriyası) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. «Dərələyəzin toponim və şivə sözləri», «Dərələyəz folkloru», «Qərbi Azərbaycanın Dərələyəz mahalı» (ensiklopedik məlumat) kimi sanballı monoqrafiyaları da o, ilk dəfə yazıb ortaya qoymuşdur.

Onun yazdığı 14 cild monoqrafiyaları (770 çap vərəqi) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz bir xəzinədir. («Qərbi Azərbaycanın Dərələyəz mahalı» 71 ç.v.; «Azərbaycan dilində fel» 42 ç.v.; «Azərbaycan toponimləri və şivə sözləri» 45 ç.v.; «Seçilmiş elmi məqalələr» 55 ç.v.; «Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz fellər» 46,5 ç.v.; «Категория переходности / непероходности глагол в азербайджанском языке» 40 ç.v..; «Filologiya məsələlərinə dair tədqiqatlar, mülahizələr və rəylər» 54 ç.v.; «Dərələyəz folkloru» 64 ç.v.; «Deputatlıq fəaliyyəti» 47 ç.v.; «Müstəqillik uğrunda, mübarizə yollarında» 57 ç.v.; «Hanı o səndəki el, Dərələyəz» 66 ç.v.; «Elmi, pedaqoji fəaliyyətim və ömür yolumdan sətirlər 67 ç.v.); “Heydər Əliyev Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur” 60 ç.v., “Deyilən söz yadigardır” (çıxışlar, müsahibələr, rəylər, məqalələr) 55 ç.v..

O, bu 14 cildlik kitabın dördünü ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf etmişdir. Onun çap olunmuş və çap ərəfəsində olan kitablarının ümumi həcmi 950 çap vərəqindən çoxdur.

Uzun illər Azərbaycan Dövlət Pedoqoji Universitetində, Azərbaycan Milli EA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitettində dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuş, ömrünün 50 ilini ali məktəb auditoriayalarında mühaziə oxumuş, 60 ildən artıq əmək fəaliyyəti dövündən bir çox vəzifələr (orta məktəb direktoru, dekan müavini, kafedra müdiri..) çalışmış, çoxlu qurultay və konfranslarda iştirak etmişdir. Dövlət nümayəndəsi sifaəti ilə bir neçə xarici ölkədə (İran və Türkiyədə) səfərdə olmuşdur.

Onun ictimai-siyasi fəaliyyəti və şəxsiyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 260-dan artıq mənbədə xoşməramlı fikir və rəy vardır. İxtisasçıların onun yazdığı kitablar haqqında 120, namizədlik və doktorluq dissertasiyaları haqqında 39, elmi məqalələri haqqında 34 müsbət rəy çap olunmuşdur. Respublikanın 90-dan çox şair və şair təbiətli adamları onun şəxsiyyətinə və yaradıcılığına 170-dən artıq şer və 4 poema həsr etmişdir.  Bunların ümumi həcmi 6000 (altı min) misradan çoxdur.  Əmək fəaliyyəti dövründə bir çox təşkilat,  müəssisə, qurum tərəfindən o, 50-dən artıq rəğbətləndirməyə(fəxri fərman, fəxri ad, yazılı təşəkkür, adresat və s.) yatiq görülmüşdür.

O, Respublika ali məktəb əlaçısı, əmək veteranı, YAP Siyasi Şurasının, Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür Qızıl qələm və Şərəf media mükafatlarının sahibidir. 2002-ci il noyabr ayının 26-da ümummilli lider Heydər Əliyevin fərmanı ilə Şöhrət orderninə, 3 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamə ilə Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına, 13 aprel 2009-cu ildə prezidentin fərdi təqaüdünə laiq görülmüşdür. 2009-cu ildə Borçalı Cəmiyyəti tərəfindən Borçalı elinin fəxri vətəndaşı seçilmişdir. 16 aprel 2010-cu il tarixində Almaniyanın Hanover şəhərindəki Avropa Akademiyasının həqiqi üzvü seçilmişdir.

17 iyul 2010-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü(həqiqi üzvü) seçilmiş və Türk Dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Uluslararası Qızıl Ulduz medalı ilə təltif edilmişdir.

O, xeyli müddət Respublika Ağsaqqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərmiş, 1959-cu ildə kənd sovetinə, 1990-cı ildə Bakı Şəhər Sovetinə, 1998-ci ildə birinci çağırış, 2000-ci ildə ikinci çağırış, 2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Milli məclisdə təhsil, etika və toponomika komissiyalarının üzvü olmuş və hal-hazırda da toponomika komissiyasının üzvüdür. 1998-ci ildə Məşəd, 2002-ci ildə Həcc ziyarətində olmuşdur, 4 övladı, 10 nəvəsi, 17 nəticəsi var.

Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmiş və ikinci Fəxri xiyabanda dəfn edilmişdir.