Mediada

Professor Həsən Mirzəyevin Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları xüsusi əhəmiyyət kəsb edir

Məqalənin mənbəsi azertag.az Mənbədən oxu

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Müasir Azərbaycan dili kafedrasının yaradıcısı və ilk müdiri olmuş filologiya elmləri doktoru, professor, dilçi və türkoloq Həsən Mirzəyevin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbir iştirakçıları öncə Fəxri xiyabanda professor Həsən Mirzəyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını ifadə ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri açan filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova professor Həsən Mirzəyevin həyat və fəaliyyəti haqqında danışıb. Bildirib ki, Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. Həsən Mirzəyev 1959–1962-ci illərdə Pedaqoji İnstitutda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada təhsil alıb və ömrünün sonunadək ADPU-da işləyib. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan müavini vəzifələrində çalışıb. 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus xidmətləri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınıb. Alimin Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları ölkəmizin tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-dək dərs vəsaiti işıq üzü görüb. Həsən Mirzəyev, eyni zamanda, bədii yaradıcılıqla məşğul olub. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü, Avropa Akademiyasının həqiqi üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.

Həsən Mirzəyev böyük alim olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. 2002-ci ildə “Şöhrət” ordeninə, 2007-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Tədbirdə çıxış edən Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, həmin kafedranın professoru Mirvari İsmayılova, dosentlər Könül Səmədova və Yeganə Qəhrəmanova, türk araşdırmaları elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri, professor Elman Quliyev Həsən Mirzəyevin keçdiyi ömür yolundan, elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən danışıblar.

Sonda xatirə şəkli çəkdirilib.