18.04.2021
Unudulmaz müəllimimiz: Həsən Mirzə - 90

1980-cı ildə indiki Pedaqoji Universitetin filologiya fakültəsinə daxil oldum. Fakültəmizdə elmi-ədəbi ictimaiyyətdə nüfuz qazanmış müəllimlərimiz vardı; xalq yazıçısı İsmayıl Şıxlı, ədəbiyyatşünas-professor Xeyrulla Məmmədov, dilçi-professor Qəzənfər Kazımov, ədəbiyyat-nəzəriyyəçisi Himalay Qasımov və b. Onlardan biri də görkəmli dilçi-alim, professor Həsən Mirzəyev idi.
Həsən müəllimin mehriban xasiyyəti vardı: böyüklə böyük idi, kiçiklə kiçik. Tələbələr onu çox sevərdi. Sadəliyi, istiqanlılığı ilə hamının hörmətini, məhəbbətini qazanmışdı.
Sovet vaxtı tələbələri pambıq yığımına aparırdılar. İndiki Goranboy rayonunda pambıq yığımında Universitet rəhbərliyi, müəllim və tələbələrə Həsən Mirzəni rəhbər təyin etmişdilər. Hamımızın qayğısına qalar, heç kəsin xətrinə dəyməzdi.
Pedaqoji praktikada da rəhbərimiz olub. Dil tədrisinin metodikasını mənimsəməyimizdə unudulmaz alimin zəhməti var.
Həsən müəllim mənim xətrimi daha çox istəyirdi. Həm oğlu Müşfiqlə dost idik, 10 gün qış tətilində Moskvada bir yerdə səfərdə olmuşduq. Həm indi ADPU-da kafedra müdiri, professor olan, bacısı qızı Mahirə ilə bir oxuyurduq. Digər bacısının oğlu tarix fakültəsində təhsil alan Hadi ilə dost idik. Həm Universitetimizin yuxarı kursunda oxuyan, Mahirənin böyük qardaşı, bacısı oğlu, indi general rütbəsi daşıyan Əli ilə (prokuror Əli Nağıyev ”“ V.Ə) salaməleykimiz vardı.
... 1992-ci il oktyabr ayının 13-də ADPU- dənamizədlik dissertasiyası müdafiə edirdim. ProfessorHəsən Mirzə “Şura” üzvü idi. Müdafiəmdə mənə ən çox qayğı göstərən insanlardan biri Həsən müəllim oldu. Tribunaya qalxıb əsərimə yüksək qiymət verdi, özüm haqqında da tərifli sözlər dedi.
Ənənəyə uyğun olaraq banket verməli idik. Binəqədi qəsəbəsində rəhmətlik nənəmgildə 55 nəfərlik bir ziyafət verdik. Həsən müəllim xahişimizlə məclisi idarə etməyi boynuna götürdü. İlahi, bu kişi necə sinədəftər imiş. Nə qədər şeir bilirmiş. Klassik poeziyadan, aşıq ədəbiyyatı nümunələrini inci kimi sapa düzürdü. Müğənni Şamo İsayevə tez-tez aşıq havaları oxutdururdu. Həmin məclisdən Həsən müəllimin xatirə şəkillərini şəxsi arxivimdə saxlayıram.
Mən Az.TV-də işləyəndə rəhmətlik tez-tez otağıma gələrdi. Poeziyadan, musiqidən, aşıq ədəbiyyatından söhbətlər edib, sonra üzümdən öpüb gedərdi.
Bir 10-15 il bundan qabaq yolum doğma APİ- yə düşmüşdü. Həsən müəllimin müdiri olduğu kafedranın qapısını açanda gördüm Həsən müəllim tələbə yoldaşım,professor Buludxan Xəlilovla nahar etməyə hazırlaşır. Məni görcək bağrına basdı, öpdü, dedi: - Otur çörək ye. Dedim: - Vallah, tələsirəm. Dedi: - Elə şey yoxdur. Güclə yedizdirdi. Duranda dedi :- Yox, meyvə ye sonra. Belə qəlbiaçıq, saf, səxavətli insanlar az olur.
Yadımdadır, Yazıçılar Birliyində “Seçilmiş əsərləri”nin (çoxcildliliyinin ”“ V,Ə) təqdimat mərasiminə çağırmışdı. Təmtəraqli, unudulmaz bir tədbir keçdi.
Son vaxtlar halını soruşardım, deyərdilər nasazdır,işə gələ bilmir. Mütəmadi olaraq usdadıma salamlar göndərirdim.
... Neçə il öncə eşitdim dünyasını dəyişib, üç mərasiminə yetişdim. Əliyə, Hadiyə, Müşfiqə başsağlığı verdim. Unudulmaz müəllimim üçün “fatihə” zikr elədim...
Ötən il professor Mahirə Nagıyevanın təşkil etdiyi ADPU ”“da onun xatirə gecəsində iştirak etdim. Sağolsun Mahirə dayısının xatirəsini əbədiləşdirir. Özü də dilçi-alim kimi onun davamçısıdır.
Həsən müəllimin millət vəkili kimi parlamentdə çox işlər gördü. Dilçi kimi nitq hissəsi feili fundamental araşdırırdı. Nədənsə həmişə “feil” ”“ deyəndə Həsən müəllim yadıma düşür.
O, folklorumuz üçün çox işlər gördü. Aşıqlarımızın tanınmasında çox zəhməti var. Dərələyəz mahalının folklorunu, el ədəbiyyatını, aşıq şeir nümunələrini topladı, nəşr elətdirdi.
Özü folklor ruhunda gözəl qoşmalar, nəğmələr yazdı, şeir kitabları çıxdı. Nəğmələri aşıqlarımızın dilindən düşmürdü.
Gözəl ailə başçısıydı. Yusif, Müşfiq kimi gözəl övladlar tərbiyə etdi. O, bir nəslin ağsaqqalıydı. Çətinə düşənlərin dayağı, köməyi idi. Vətənpərvər, millətçi idi - əsl Azərbaycan oğluydu.
Allah rəhmət eləsin professor, əməkdar elm xadimi, görkəmli linqivist, şair, folklorşünas, ictimai xadim və nəhayət, unudulmaz müəllimimiz Həsən Mirzəyevə. Behiştlik olsun inşallah!
Vüqar Əhməd,
Filologiya üzrə elmlər doktoru, professor
26.04.2021
20.05.2021
20.05.2021
20.05.2021
20.05.2021
07.09.2021